Şəki İslam Kolleci (Şəki İslam Mədrəsəsi) 1993-cü il tarixindən etibarən Şəki şəhər İcra Hakimiyyətinin icazəsi ilə fəaliyyətə başlamışdır.
1997-ci ildə 152 nömrəli şəhadətnamə ilə Ədliyə Nazirliyində tam qeydiyyatdan keçmişdir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təsis olunması ilə 23.04.2002-ci il tarixində 95 nömrəli şəhadətnamə ilə yenidən rəsmi qeydiyyatdan keçmişdir.
Şəki İslam Kolleci 15 mart 2017-ci il tarixdə isə yenidən dövlət qeydiyyatından keçərək “Kollec” statusu almışdır.
Milli və mənəvi dəyərlərinə bağlı, geniş dünyagörüşünə sahib, “Qurani-Kərim”in əxlaqı ilə əxlaqlanan, bu yolda əzmlə səy göstərən, ilahi rizanı qazanmağa çalışan Quran hafizləri yetişdirməyi qarşısına məqsəd qoyan kollecimizdə hal-hazırda 60 (altmış) şagird-tələbə yatılı vəziyyətdə təhsil alır. Onu da qeyd edək ki, eyni zamanda şagirdlərimizin dünyəvi fənləri də öyrənməsi bizim qarşımızda əsas hədəf olmuş və bu səbəbdən həm kollecimizdə əsas hesab edilən fənlərin ələvə məşğələləri təşkil olunmuş, həm də kollecimizin yaxınlığında yerləşən tam orta ümumtəhsil müəsisəsində orta təhsil almaları üçün lazım olan şərait tamamilə yaradılmışdır.
Şəki İslam Kolleci fəaliyyətə başladığı tarixdən bu günə qədər Azərbaycanda 250-dən çox (Qurani-Kərimi tam əzbərləyən) hafiz yetişdirmişdir. Kollecimizdə hafizliklə yanaşı Dini biliklər, İslam tarixi, İslam əxlaqı, Ərəb dili və Komputer dərsləri tədris olunur.
Şəki İslam Kollecinin yetişdirdiyi hafizlərdən bəziləri müxtəlif beynəlxalq Qurani-Kərim müsabiqələrdə iştirak edərək, Türk dünyası üzrə keçirilən müsabiqələrdə 2 dəfə birinci yer, Beynəlxalq müsabiqələrdə isə dəfələrlə həvəsləndirici mükafatlar əldə etmişlər.
Hafizlik tədrisini başa vuran Hafizlərimiz orta məktəbi də bitirdikdən sonra bir çoxu müxtəlif ixtisaslarda ali təhsil (Universitet, magistratura, doktorantura) alırlar.